пятница, 10 февраля 2017 г.

Psixoloji terminlərin qısa lüğəti

- Adaptasiya – uyğunlaşma, orqanizmin yeni şəraitə vərdiş etməsi.
- Adekvat – həmin şərait üçün müvafiq, münasib olan
- Aksentuasiya — hər hansı bir xüsusiyyətin və ya əlamətinin digərlərinin fonunda seçilməsi, ayrıca, xüsusi olaraq inkişaf etməsidir
- Aktivlik – 1) orqanizmin və psixikanın xassəsi. Onun fiziki və psixi
olmaqla iki növü fərqləndirilir. 2) Şəxsiyyətin xüsusiyyəti. Şəxsiyyət fiziki
və psixi olmaqla yanaşı sosial fəallığa da malikdir.
- Alturizm – öz şəxsi həyatı və maraqlarını unudaraq başqa adamlara
təmənnasız xidmətə yönəlmiş sosial yönəlişlik forması.
- Anamnez – xəstəliyin inkişaf tarixi.
- Antisipasisiya — İstifadə edilməli olan bütöv priyomlar silsiləsinin və ya seriyasının şüur tərəfindən qabaqcadan bu cür xəbər verilməsi
- Affekt – güclü, coşqun cərəyan edən gərgin emosional halət
- Affektiv davranış – dalaşqanlıq, tərslik, höcətlik, kobudluq və s. kimi
çətin davranış forması.
- Afferentasiya – xarici qıcıqlandırıcılardan eləcə də daxili orqanlardan qəbul olan və hissiyyat orqanlarından mərkəzi sinir sisteminə daxil olan daimi sinir impulse axını
- Aparıcı fəaliyyət – ontogenezin müəyyən mərhələsində psixi inkişafın
xarakterini müəyyən edən fəaliyyət növü.
- Apatiya — emosional laqeydlik, biganəlik və fəaliyyətsizlik vəziyyəti
- Aqressivlik – insanın başqalarına ziyan vurması ilə ifadə olunan
davranış və müənasibət tərzi.
- Aqqlyutinasiya — real həyatda biri-biri ilə birləşməyən müxtəlif keyfiyyətləri, xassələri, hissələri birləşdirilərək yeni bir surətin yaradılması prosesi
- Aqqravasiya – şəxs tərəfindən həqiqətən mövcud olan xəstəliyin ağırlığının şişirdilməsi
- Aqnoziya – beynin normal funksiyalı reseptorlardan gələn informasiyanın anlaya bilməməsi nəticəsində yaranmış vəziyyət
- Ambivalentlik – ikili, polyar, ziddiyyətli fikir, hiss və davranışın
təzahürü. O, özünü eyni bir obyektə qeyr-müəyyən ikili münasibətdə
göstərir. Məsələn, eyni bir adama qarşı məhəbbət və nifrət.
- Astenik – fiziki və psixoloji cəhətdən zəif adam. Alman psixiatrı
E. Kreçmerin təliminə görə, asteniklər xüsusi bədən quruluşu ilə seçilir.
Onlar dar çiyinlərə, qalın skletə, zəif əzələlərə, düz döş qəfəsinə
malikdir. Şizod tipə və onlara məxsus davranış formalarına malik
olurlar.
- Assosiasiya — psixi anlayışların birləşməsi, əlaqələndirilməsidir
- Autizm – normal, məqsədyönlü məntiqi təfəkkürün pozulması.
- Afaziya – nitqin müxtəlif pozğunluqları.
- Afoniya – nitqin tam qorunduğu halda səsin itməsi
- Affiliasiya- insanın ətrafdakı adamlarla emosional yaxınlığa, onlara
xeyirxah dostluq və yoldaşlıq münasibətlərinin qurulmasına və qorunub
saxlanılmasına olan tələbatı.
Appersepsiya – qavrayışın keçmiş təcrübədən, insanın psixi
fəaliyyətinin məzmunundan və onun fərdi xüsusiyyətlərindən asılılığı.
- Bacarıq — qarşıya qoyulmuş məqsədə müvafiq olaraq iş priyomlarının seçilməsi və həyata keçirilməsi üçün mövcud bilik və vərdişlərdən istifadə olunmasıdır
- Bərpaedici təxəyyül — Mövcud olmuş, yaxud mövcud olan, lakin bizim tərəfimizdən heç zaman bilavasitə­ qavranılma­­mış obyektlərin təsvirə əsasən surətlərinin yaradıl­ması
- Biheviorizm — psixoloji araşdırmaların predmeti olaraq yalnız insan davranışı və onun xarici və daxili stimullardan asılılığının öyrənilən psixologiyanın bir sahəsidir. Bir sözlə davranış haqqında elmdir.
- Bumeranq affekti – sosial-psixoloji hadisə. İnsan onun sosial
ustanovkalarını, mühakinə və rəylərini dəyişdirilməsinə yönəldilmiş
informasiyanı qəbul edərkən və qiymətləndirərkən nəinki öz əvvəlki
mövqeyini dəyişir, əksinə həmin mövqe üstündə daha təkidlə israr edir.
Bu hal qəsdən göstərilən informasiya təzyiqi zamanı daha qabarıq
özünü göstərir.
- Deviant davranış – normadan kənar, hüquqa və əxlaqa zidd asosial
davranış.
- Depressiya – psixi və davranış fəallığının zəifləməsi ilə müşayət
olunan ruhi dalğınlıq, təlatüm vəziyyəti. Bu zaman insan özünü qarşıya
çıxan həyatı problemlərini həll etməkdə köməksiz və qabiliyyətsiz hiss
edir.
- Dəyişən afferentasiya – orqanizmin kəskin dəyişilmiş qeyri-adi həyat şəraitində spesifik reaksiyası
- Daxili nitq — fikrin sözlərə və əksinə tərcüməsi ilə olan prosesinin avtomatik həyata keçirildiyi və bilavasitə şüuraltı ilə əlaqəli olan insan fəaliyyətinin xüsusi növü
- Differensial psixologiya — psixologiya elminin insanların fərdi – psixoloji və davranış fərqlərini öyrənən, şərh və izah edən sahəsidir. «Diferensial psixologiya» termini ilk dəfə 1900-cü ildə V.Ştern tərəfindən irəli sürülmüşdür. Diferensial psixologiyanın əsas metodu testlər olmuşdur. İlk dövrlər bu testlər fərdi testlər olmuş, sonra qrup testləri meydana gəlmiş daha sonra isə proyektiv testlər yaranmış və onlardan istifadə olunmuşdur.
- Duyğu — obyektiv reallığın hissi inikası olub, hal — hazırda hiss üzvlərimizə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin, əlamət­­lərinin beynində inikasından ibarət olan sadə psixi proses.
- Eyforiya – heç bir obyektiv səbəb olmadan sevinmə, əhvalın səbəbsiz
olaraq hədsiz yüksəlməsi.
- Empatiya – başqa adamların psixi halətlərini başa düşməklə onların
dərdinə şərik olma qabiliyyəti.
- Ekstravertlik – bəzi adamların xarakteroloji xüsusiyyəti. Yüksək ünsiyyətlilikdə, ürəyiaçıqlılıqda, başqa adamlara maraqda və dərin özünütəhlilə meylli olmamaqda təzahür edir.
- Eqosentrik nitq – məktəbəqədər yaşlı uşağın oyununu müşayiət edən və onun özünə yönəldilmiş nitq fəaliyyəti. Xarici nitqdən daxili nitqə keçid mərhələsini təşkil edir
- Əhval- insanın ümumi fəallığını müəyyən edən aktual emosional
vəziyyətin ümumi fonu.
- Fenomen – insan şüurunun daxili psixoloji məzmununa aid olan fakt,
hadisə.
- Fəaliyyət - ətraf gerçəkliyə fəal yanaşma forması, insanın dərk
olunmuş məqsədi ilə tənzim olunan daxili və xarici fəallığı.
- Fəaliyyət məhsullarının təhlili – psixologiyanın metodlarından biri. O,
uşağın dəyərli fəaliyyət məhsulları olan şəkilləri, şeirləri, hekayələri,
applikasiya və quraşdırma nümunələrinin tədqiqini nəzərdə tutur.
- Frustrasiya və ya əngəllənmə hissi — İnsanın öz məqsədinə çatmasına maneçilik törədən real və ya xəyali maeələrlə rastlaşması nəticəsində keçirdiyi emosional hal
- Genezis – mənşə, yaranma. Qanunauyğun inkişafın tarixi.
- Genetik psixologiya — psixika və davranışın irsən keçən mexanizmini, onların genotipdən asılılığını öyrənən elm sahəsi
- Görüş qrupları – qrup psixoterapiyası (psixokorreksiyanın) metodların-
dan biri. İnsanın davranış xarakterli problemlərinin öyrənilməsi və həll
edilməsi məqsədi ilə təşkil olunur.
- Hipnoz – hipnotik təlqin vasitəsilə insanda yaradılan xüsusi psixoloji
vəziyyət. Hipnoz insanın öz fikirləri, hissləri və davranışı üzərində
nəzarətin qismər itirməsi ilə səviyyələnir.
- Hüquq psixologiyası — insan tərəfindən hüquq normaları və davranış qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sistemi­nin reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. Onun məhkəmə psixologiyası, kriminal psixologiya, islah-əmək psixologiyası və s. bölmələri vardır.
- Xarizmatik – təbiətin insanlara rəhbərlik etmək, lider olmaq
xüsusiyuyətləri ilə doğulmuş adam.
- Xarakter — Konkret şəsiyyət üçün tipik olan fəaliyət və ünsiyyət prosesində formalaşan və təzahür edən, tipik şəraitdə üzə çıxan və şəxsiyyyətin bu şəraitə olan münasibəti ilə müəyyən edilən özünəməxsus fərdi psixoloji xüsusiyyətlərinin məcmusu
- Xülya — Niyyətli şəkildə gedən təxəyyül prosesində həyatda təcəssümü mümkün olmayan surətlər yaradılması
- Xarakterin aksentuasiyası – insanda xarakter əlamətlərindən hər
hansı birinin digərlərinə nəzərən hədsiz güclü inkişaf etməsi. Bu adətən
xəstəlik və qocalıq zamanı, həmçinin yaş böhranları dövründə özünü
daha qabarıq göstərir.
- İradə - insanın şüurlu və məqsədyönlü şəkildə öz davranışını tənzim
etməsi.
- İmitasiya – uşağın müəyyən davranış modelini (yaşlı, yaşıd, müəllim və
ya bədii film qəhrəmanı və s.) şüurlu şəkildə öz həyatına köçürməyə
can atması.
- İdentifikasiya - yad davranış modelini, ustanovka və dəyərləri
özününkü kimi mənimsəmək.
- İdentik- oxşar.
- İmperativ üslub – cəza və məcburetmə xarakterli avtoritar rəhbərlik
üslubu.
- İnfantilizm - inkişafın ləngiməsi, fiziki və psixi simada daha erkən yaş
dövrləri üçün səciyyəvi olan xüsusiyyətlərin olması.
- İntuisiya- insanın mürəkkəb həyat şəraitinə yaxşı uyğunlaşmasına
imkan verən ümumi əqli qabiliyyətlərin məcmuyu.
- İctimai rəy- indiki anda kimin və ya nəyinsə haqqında insanların böyük
əksəriyyətində formalaşmış fikir.
İddia səviyyəsi - bu və ya digər fəaliyyət zamanı şəxsiyyətin seçdiyi
və qarşıya qoyduğu məqsəd və vəzifələrin çətinlik dərəcəsi ilə
müəyyən olunan xarakteristikası.
- İntrospeksiya – daxili psixoloji halət və proseslərin incə
özünümüşahidəsi prosesi.
- İlluziya — Hiss üzvlərimizə bilavasitə təsir edən cisimlərin olduğu kimi deyil, təhrif edilmiş şəkildə qavranılması
- İnstink — Mühitin müəyyən şəraitinə, təsirinə qarşı mürəkkəb anadangəlmə reaksiya forması
- İnterferensiya — əvvəl yaranmış vərdişlərin yeni vərdişlərin yaranmasına mənfi təsir göstərməsi, onu ləngitməsi
- İstedad — qabiliyyətlərin bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətli icrası üçün şərt olan özünəməxsus birliyi
- İxtiyari qavrayış — Qarşıya qoyduğumuz məqsədə müvafiq olaraq bir obyekti başqalarından ayıraraq qavradıqda baş verən inikas prosesi
- Kommunikator — ünsiyyət zamanı informasiyanı verən tərəf
- Kommunikativ bacarıq və vərdişlər – insanın başqaları ilə
ünsiyyətində təzahür edən bacarıq və vərdişlərin toplusu. O, özünü
ünsüyyət zamanı verbal və qeyri-verbal vasitələrdən istifadə etməklə
qarşılıqlı anlaşma məqsədilə insanlara təsir göstərməyi əks etdirir.
- Kompetentlik – bu və ya digər fəaliyyət sahəsində insanın yaralılığını,
səriştəliliyini, problemləri həll etmək qabiliyyətini əks etdirən
xarakteristikası.
- Komplekslər- insanın özündən və ətrafdakı adamlardan gizlətməyə
çalışdığı və ona ağır təsir göstərən qüsur və çatışmazlıqlar. Onlar
xarakterin anomal əlaməti hesab edilir.
- Konflikt- bir-birinə əks, zidd olan baxışların, maraq və nəzərlərin,
davranış formalarının toqquşması. O, özünü insanın özü ilə və
başqaları ilə daxili münaqişələrində əks etdirir.
- Konformizm- insanlar tərəfindən yad rəylərin qeyri-tənqidi şəkildə
qəbul edilməsi. Bu, insanların başqalarından qorxusu və ya fayda əldə
etmək, ziddiyyətdən qaçmaq istəkləri ilə bağlı yaranır.
- Konfrantasiya- cəbhələşmə, iki və daha çox rəyin, maraq və mövqenin
toqquşması. Bu, adətən konfliktli vəziyyətə səbəb olur.
- Qospitalizm – qapalı uşaq tərbiyə müəssisələrində yaşlılarla ünsiyyət
çatışmazlığı nəticəsində yaranan və uşağın kəskin şəkildə inkişafdan
qalmasına səbəb olan hadisə.
- Qeyri- adekvatlıq affekti – mənfi emosional təəssüratların güclü və
davamlı kompleksi. İnsan öz qüsurlarını dərk edərək həyati vacib
məqsədlərinə çatmaqda çətinlik çəkir.
Qrup – insanların onlar üçün ümumi olan hər hansı sosial-demoqrafik
və ya psixoloji əlamətlər əsasında birliyini ifadə edən anlayış.
- Libido- insanın şüuraltı səviyyədə və seksual planda xüsusi həyat
enerjisini ifadə edən psixoanalitik termin. Z.Freydə görə, libido
insanların psixologiyası və davranışını idarə edir.
- Lider- sosial qrupun digər üzvləri tərəfindən səlahiyyətləri könüllü qəbul
edilən nüfuzlu şəxs.
- Maqiya- sehirbazlıq, guya insana və dünyaya təbiətüstü qüvvələrlə
əlaqə yolu və xüsusi hərəkətlərə təsir etmək.
- Mazoxizm- özünügünahlandırma, özünücəzalandırma.
- Mnemotexnika- insanın öz yaddaşını, xüsusilə materialı yaddasaxlama
qabiliyyətini yaxşılaşdırmaq üçün istifadə etdiyi priyom və vasitələri
sistemi.
- Moda- İndiki anda insanların üstün qiymətləndiridyi zövqlərin (məsələn,
paltar, incəsənət, davrannış tərzi, maddi əşyalar və s.) sistemi.
- “Mən” obrazı- insanın özünün özü haqqında təsəvvürləri. ―Mən‖ obrazı
insana özünə kənardan baxmaq, hansı keyfiyyətlərə malik olduğunu
dərk etmək imkanı verir.
- Motiv - bu və ya digər tələbatın təmin olunması ilə bağlı olan,
fəaliyyətə təhrik edən amil.
- Məqsəd — insanın fəaliyyət zamanı hansı nəticəyə nail olmağa yönəlməsi
- Məna səddi – insanlar arasında münasibətlər zamanı ünsiyyətdə
istifadə olunan sözlərin mənasının düzgün anlamama, onlara müxtəlif
məna vermə.
- Nevrastaniya - İnsanın sinir sisteminin funksional xəstəliyi. O, insanın
tez yorulması, əsəbi olması ilə yanaşı, fiziki və əqli baxımdan
uzunmüddətli gərgin işə dözümsüzlüyündə ifadə olunur.
- Nevrozlar- psixi dalğınlığın funksional forması. O, əlverişsiz həyat
şəraitində özünü göstərir. Bu zaman insan özünün xəstəliyinə qarşı düşüncəli və tənqidi münasibətini itirmir, öz davranışını şüurlu idarə etməyi bacarır.
- Nitq — insanlar arasında dil vasitəsilə həyata keçirilən ünsiyyət prosesi
- Nonkonformizm — Fərdin nə olursa olsun əksəriyyətin fikirlərini rədd etməsi və heç nəyə məhəl qoymadan onlara əks çıxması
- Oliqofreniya- əqli qabiliyyətlərin zəif inkişaf səviyyəsi, kəmağıllıq. O,
anadangəlmə və qazanılma xarakterli xəstəliklər sırasına daxildir.
Adətən erkən uşaqlıq (1-3 yaş) dövründə beyinin üzvi zədələnməsi
nəticəsində meydana gəlir.
- Oreal effekti- insan haqqında ümumi təssüratların davranış və
psixologiyası haqqında qiymətin onun qavrayışına təsirinin nəticəsi.
Əgər insan haqqında ümumi təəssüratlar müsbətdirsə, onda onun
müsbət psixoloji keyfiyyətləri oreal effektinin təsiri altında müsbət
qiymətləndirilir, mənfilər hesaba alınmır. Mənfi ümumi təəssüratlar
zamanı isə bunun əksi baş verir.
- Ortodoksial- insanların böyük əksəriyyəti üçün populyar olmayan hər
hansı nöqteyi-nəzərin üstündə təkidlə durmaq. Belə adam öz fikrindən
əl çəkmir və kompromissə getmir.
- Psixoloji iqlim- qrupda formalaşmış insan münasibətlərinin ümumi
sistemi
- Pantomimika- insanın başqaları ilə ünsiyyət zamanı istifadə etdiyi
ifadəli bədən hərəkətlərinin sistemi.
- Parapsixologiya- insanların psixologiyası haqqında elmi əsasları
olmayan bilik və təsəvvürlər sahəsi. (Məsələn, telepatiya, telekinez,
ekstrasensor qavrayış və s.)
- Pedantizm-artıq formalizm, hər şeydə-norma və qaydalara əməl
edilməsində hədsiz xırdaçılıq.
- Polemika- insanlar arasında kəskin diskusiya və mübahisə, hər hansı
məsələ və ya problemin yüksək emosional səviyyədə müzakirəsi.
- Praktik psixoloq- praktik psixoloji məsələlərin həlli ilə məşğul olan, ali
psixoloji təhsilli mütəxəssis. O, psixologiyanın tədrisi və elmi-psixoloji
tədqiqatlarla məşğul olmur.
Proyektiv metodlar –proyeksiya (köçürmə) mexanizmi əsasında
istifadə olunan psixodiaqnostik metodların sistemi.
- Psixiatriya- psixi xəstəliklərin qarşısının alınması və müalicəsi ilə
məşğul olan tibb elminin bölməsi.
- Psixi xəstəliklər- insanın psixikasının və davranışının müxtəlif
formalarda pozulmasında təzahür edən xəstəliklər (məsələn, psixozlar,
nevrozlar, psixopatiyalar, əqli pozğunluqlar və s.)
- Psixodiaqnostika- xüsusi psixoloji bilik və metodların sahəsi. Onların
köməyi ilə insanların psixi prosesləri, xassə və vəziyyətləri ölçülür,
kəmiyyət və keyfiyyət baxımından qiymətləndirilir.
- Psixozlar- ciddi xroniki psixoloji xarakter daşımayan, öz təzahürlərinə
görə insan psixikasının müxtəlif pozğunluqları.
- Psixokorreksiya – xəstəlik xarakteri daşımayan, insanın psixikası və
davranışındakı müxtəlif qüsurların aradan qaldırılması ilə bağlı
psixoloqun peşəkar fəaliyyət sahələrindən biri.
- Psixolinqvistika — nitq davranışını psixoloq və linqvistlərin kompleks şəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir.
- Psixoloji xidmət – insanlara operativ psixoloji kömək məqsədi ilə
xüsusi müəssisələrdə rəsmən yaradılmış sistem. Belə xidmət sahələri
müxtəlif sosial institut və təşkilatlarda, məsələn, tibbdə, təhsildə,
iqtisadiyyatda, siyasətdə, orduda, hüquq sistemində yaradılır.
- Psixoloji məsləhətvermə - praktik psixoloq tərəfindən insanlara
məsləhət və tövsiyyələr formasında göstərilən yardım formalarından
biri.
- Psixoloji təhsil – psixoloqların ali məktəblərdə aldığı xüsusi peşə
hazırlığı.
- Psixomotorika – insanda psixi hadisə və hərəkətlərin qarşılıqlı əlaqəsi
və təsiri.
- Psixopatiya – insanın xarakterində ifadəli dəyişikliklə nəzərə çarpan
normal psixi fəaliyyətin pozulması. Məsələn, yüksək sinir-psixi oyanıqlıq, özündən şübhələnmək, qətiyyətsizlik, fanatizm, aqressiv
reyaksiyalara meyillilik, isteriklik və s.
- Psixoterapiya – müxtəlif xəstəliklərin psixoloji vasitələrlə müalicəsini
həyata keçirən tibbin sahəsi.
- Psixotrop vasitələr – insanın psixi proseslərinə, vəziyyət və
xüsusiyyətlərinə əhəmiyyətli təsir göstərən müxtəlif biokimyəvi vasitələr.
Tibbdə bu vasitələrdən müxtəlif psixi xəstəliklərin müalicəsi məqsədi ilə
istifadə olunur.
- Psi (  ) - yunan əlifbasının hərfi. O, psixologiyanın emblemi kimi
qəbul edilmişdir.
- Psixoloji diaqnoz- diaqnostik müayinənin nəticəsi və onun əsasında
tərtib edilən rəy. Bu rəy əsasında sınanılan şəxsin fərdi-psixoloji
xüsusiyyətləri aşkara çıxarılır. Psixoloji məsləhət və ya korreksiyaedici
və inkişafetdirici proqramların tərtibində həmin rəydən istifadə edilir.
- Rol-cins davranışı- müəyyən cinsə mənsub olan insan üçün səciyyəvi
olan sosial cəhətdən qəbul edilən davranış forması.
- Reanimasiya – orqanizmin əsas həyati funksiyalarının bərpa edilməsi
(canlanma, ruhun ―qayıtması‖).
- Reytinq – nüfuzun kəmiyyət göstəricisi. Hər hansı adamın digərləri ilə
müqayisədə məşhurluğu.
- Renutasiya – hər hansı konkret adam haqqında onun ətrafındakılarının
rəyi. Renutasiya müsbət və mənfi ola bilər.
- Retrospektsiya – fikrən keçmişə qayıtma, artıq keçmişdə baş vermiş
hadisələrin təhlili.
- Refleksiya –insanın şəxsi təcrübəsi, xüsusilə, öz psixoloji xüsusiyyətləri
haqqında düşüncələri.
- Referent qrup – insanların sosial birliyi. Referent qrup üzvü olan şəxs
öz ideallarını, əqidəsini, sərvət meyllərini, ustanovka və davranış normalarını qrup normasına uyğunlaşdırır, onun rəyini və qiymətini
qəbul edir, ona layiq olmağa can atır.
- Resipient — ünsiyyət zamanı informasiyanı qəbul edən tərəf
- Sindrom –eyni mənbədən qidalanan simptomların, əlamətlərin
məcmuyu.
- Skeptik – hər şeydən şübhələnən, demək olar ki, hər şeyə inamsız,
tənqidi münasibət bəsləyən adam.
- Sosial stereotip – insanın sosial yönəlişliyinin davamlı sistemi. O,
həmin cəmiyyətdə yaşayan insanların əksəriyyətinin bu cəmiyyətə və ya
qrupa münasibətini əks etdirir.
- Stereotip – şablon, trafaret.
- Senzitivlik – həssaslıq
- Senzitiv dövrlər - ətraf gerçəkliyin müəyyən təsirlərinə qarşı
həssaslıqla müşayət olunan ontogenetik yaş dövrləri.
- Sensor inkişaf - qavrayışın inkişafı.
- Sensibilizasiya — Analizatorların qarşılıqlı təsiri və mümarisələr nəticəsində həssaslığın artması
- Sinkretizm – erkən və məktəbəqədər yaşlı uşaqların qavrayış və
təfəkkürünün xüsusiyyəti. Obyektlərin bitişik qavranılması.
- Sosial psixologiya — birgə fəaliyyət və ünsiyyət prosesində müəyyən sosial qrupda şəxsiyyətlərarası münasibətlər sistemini, həmin mü­nasibətlər sisteminin bütün­lüklə qrupun, eləcə də ayrı-ayrı fərdin psixologiyasındakı inikasını öyrənən elm sahəsidir.
- Sosiallaşma – fərdin sosial təcrübəni fəal şəkildə mənimsəməsi
prosesi.
- Sosiometriya – qruplarda və kollektivlərdə rəğbət və nifrət tipli şəxsiyyətlərarası münasibətlərin kəmiyyətcə qiymətləndirilməsi və qrafik təsviri üçün tətbiq olunan standartlaşdırılmış metodik üsulların məcmuyu.
- Stimul – təhrikedici amil.
- Şüur - dil mənaları sistemində obyektiv gerçəkliyin psixi inikasının yüksək, yalnız insana xas olan forması.
- Şüuraltı və ya təhtəlşüur – aktual şəkildə dərkedilməyən, lakin davranışa və şüurun məzmununa nəzərə çarpacaq dərəcədə təsir göstərməyə qabil olan psixi proses və halətlərin məcmuyu
- Təqlid- başqa adamların etdiklərini şüurlu və ya şüursuz olaraq
yamsılama, təkrarlama. O, xüsusilə uşaqlıq dövründə öyrənmənin,
həyat təcrübəsi əldə etmənin əsas üsullarından biridir.
- Telepatiya –fiziki enerji növlərinin köməkyi ilə insanın fikir və hisslərinin,
informasiyanın ötürülməsi.
- Tətbiqi psixologiya – praktik psixoloji biliklərin tətbiqi ilə həll edilən
məsələ və problemlərlə bağlı psixologiyanın bir çox sahələrinin ümumi
adı.
- Taksonomiya- təlim məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatı.
Temperament – insanın dinamik xüsusiyyətləri, psixi proses və
vəziyyətləri, habelə xarici davranış formaları ilə ifadə olunan, onun
fərdiyyətinin ümumi psixoloji xüsusiyyətlərindən biri.
- Test – standartlaşdırılmış psixodiaqnostik metodika. Onun vasitəsilə
insanın bu və ya digər psixoloji xüsusiyyəti kəmiyyət və keyfiyyətcə
ölçülərək qiymətləndirilir. Psixologiyada bir neçə min test növü vardır.
- Tibb psixologiyası — həkimin fəaliyyətinin və xəstənin davranışının, onun gigiyena, profilaktika, diaqnostika, müalicə, ekspertiza və reablitasiyasının psixoloji aspektlərini öyrənir. Tibb psixologiyası özünə klinik psixologiya, patopsixologiya, neyropsixologiya, somatopsixologiya, ümumi tibb psixologiyası, psixiatriya, psixoprofilaktika və psixogigiyena, psixokorreksiya və s. bölmələrini daxil edir
- Treninq – nəyinsə öyrədilməsinə xidmət edən xüsusi məşq. İnsanda
faydalı bacarıq, vərdiş və adətlərin formalaşdırılması üçün tətbiqi
psixologiyada müxtəlif treninqlərdən istifadə olunur.
- Təlqin- təsirə əhəmiyyət vermədən, dərk etmədən onun təsiri altına
düşmə.
- Təxəyyül - əvvəllər birbaşa qavranılmamış tamamilə yeni obrazların
yaradılması ilə müşayət olunan psixi proses.
- Tərbiyə - tərbiyə olunanda müəyyən davranış formalarının,
dünyagörüşünün, xarakter və qabiliyyətlərinin, hisslərin
formalaşdırılmasına yönəldilmiş məqsədyönlü və sistematik təsir
prosesi.
- Təbii imkanlar – orqanizmin anadangəlmə anatomik-fizioloji
xüsusiyyətləri, məsələn, sinir sistemi tipi, reseptorların quruluşu və s.
Təbii imkanlar qabiliyyətlərin formalaşması və inkişafının təbii şərti kimi
özünü göstərir.
- Ünsiyyət- İnsanlar arasında informasiya mübadiləsini, onların psixoloji
və davranış baxımından bir-birinə qarşılıqlı təsirini əks etdirən proses.
- Ümumi psixologiya — fundamental psixoloji bilikləri özündə cəmləşdirən elm sahəsi
- Verbal – sözlü
- Verbal aqressiya – mənfi hisslərin sözlü formada ifadəsi.
- Verbal hafizə - hafizənin növü olub, nitqli informasiyanın yaddasaxlanması, hifz edilməsi və yadasalınması xüsusiyyətlərini şərtləndirir.
- Vərdiş – işin dəfələrlə invariant (dəyişilmədən) təkrarı nəticəsində qismən avtomatlaşan, asanlıqla, sürətlə və dəqiq həyata keçirilən icra üsulu.
- Yalan detektoru – müəyyən texniki qurğular vasitəsilə tətbiq edilən
xüsusi psixoloji test. Onun vasitəsilə insanın doğru və yalan danışdığını
müəyyən etmək olur.
- Yaş psixologiyası — insanda anadan olandan ömrünün axırına qədər psixi inkişafın dinamikasını, qanunauyğunluqlarını, şəxsiy­yətin psi­­­xi prosesləri və xassələrinin ontogenezdə inkişaf xüsusiyyətlərini öyrənən elm sahəsi
- Yeni pedaqoji təfəkkür – təhsilin pedaqoji və psixoloji dəyərlərə
əsaslanan mentaliteti. Humanistləşdirmə, demokratikləşdirmə, humanitarlaşdırma, fərdiləşdirmə və inteqrasiya yeni pedaqoji
təfəkkürün əsas prinsipləridir.
- Yönəliş – insanın onu əhatə edən gerçəkliyin obyekt və hadisələrinə münasibətdə müəyyən tərzdə qavrama, qiymətləndirmə və hərəkət etməyə hazırlığının daxili haləti
- Zeyqarnik effekti - mənşəcə alman olan rus psixoloqu Bulyuma
Vulfovna Zeyqarnik tərəfindən kəşf edilmiş, hafizə prosesinə aid
hadisə. Zeyqarnikə görə, tamamlanmamış tapşırıqlar tamamlanmış
tapşırıqlara nəzərən iki dəfə yaxşı yadda qalır. Lakin bu hadisə bir sıra
amillərdən – sınanılan şəxsin yaşından, tamamlanmış və tamamlan-
mamış tapşırıqlara münasibətindən, hər bir tapşırığın həllinə sərf
olunan vaxtdan, onların nisbi çətinlik səviyyəsindən və s. asılıdır. Lakin
bu hadisə heç də həmişə müşahidə olunmur.



Mənbə: "Psixologiya" S.İ.Seyidov və M.Ə.Həmzəyev
             "Təhsil sistemində psixoloji xidmətin elmi-nəzəri əsasları"
              "Психология"(Книга 1) Р.С.Немов 

Комментариев нет:

Отправить комментарий